Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Bakıda keçirilən Birgə İşçi Qrupunun 3-cü iclasında iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər teatr, muzey, kitabxana, kino, mədəni irsin qorunması və yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan və Gürcüstanı ortaq tarix və zəngin mədəni irsin birləşdirdiyi qeyd olunub. Görüşdə mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mədəni əlaqələrin strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu bildiriblər. İclasın sonunda əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan protokol imzalanıb.