#Zəka Mirzəyev

Azərbaycanın sosial təminat sahəsində son illər tətbiq etdiyi xidmət modeli BMT tərəfindən beynəlxalq səviyyədə tanınıb. Dövlət Sosial Müdafiə Fondu “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsü ilə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Bu mükafat sosial xidmətlərin daha əlçatan, şəffaf, operativ və inklüziv şəkildə təşkilinə görə təqdim edilib. BMT-yə 63 ölkədən 700 təşəbbüs təqdim olunub və yalnız 8 dövlət qurumu mükafata layiq görülüb. Təltifetmə mərasimi Tbilisidə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində baş tutub. Mükafat Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim edilib. Forumda Azərbaycanın sosial sığorta və sosial təminat sahəsində apardığı islahatlar, eləcə də bu sahədə tətbiq olunan yeniliklər barədə məlumat verilib. Bu təltif Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.