#Nuseyrat qaçqın düşərgəsi

HƏMAS Nuseyrat qaçqın düşərgəsində dəfn mərasiminə edilən hücumu pisləyib. Əl-Əvdə xəstəxanasının məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər ölüb. Daha 22 nəfərin yaralandığı bildirilir. Hücum İsrail zərbəsi nəticəsində öldürülmüş fələstinlinin dəfn mərasimi zamanı baş verib. HƏMAS hadisəni “dəhşətli cinayət” adlandırıb. Təşkilat İsraili Qəzzada atəşkəs razılaşmasını davamlı şəkildə pozmaqda ittiham edib. İsrail tərəfi hələlik açıqlama verməyib. Məlumat müstəqil şəkildə tam təsdiqlənməyib.

İsrail ordusu Qəzzada HƏMAS-ın silah istehsalında rol oynayan Məhəmməd Əbu Məlulhu öldürdüyünü açıqlayıb. Hava zərbəsi Nuseyrat qaçqın düşərgəsindəki bir mənzilə endirilib və nəticədə Əbu Məlulh, həyat yoldaşı Alaa Zəqlan və 6 aylıq övladı Osama həlak olub. Hücum nəticəsində təxminən 10 nəfər yaralanıb. Oktyabrda elan edilən atəşkəsdən sonra da İsrailin Qəzza zolağında gündəlik hücumları davam edir və Qəzza Səhiyyə orqanlarının məlumatına görə, bu dövrdə təxminən 900 nəfər həyatını itirib.