#Tehran danışıqları

ABŞ Prezidenti Donald Tramp İranla bağlı prosesin hazırda iki mümkün istiqamət arasında olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton və Tehran ya diplomatik razılaşmaya daha da yaxınlaşacaq, ya da gərginlik yenidən yüksələ bilər. Tramp tərəflər arasında müəyyən irəliləyiş olduğunu qeyd edib və yaxın günlərin danışıqların gələcək taleyi baxımından həlledici ola biləcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında mümkün razılaşmaya doğru irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər hər gün razılaşmaya daha da yaxınlaşır və danışıqlarda müsbət dinamika müşahidə olunur. Tramp qeyd edib ki, mümkün saziş İranın zənginləşdirilmiş uranı ilə bağlı məsələnin qənaətbəxş həllini əhatə edə bilər, lakin yekun razılaşmanın detalları barədə əlavə məlumat verilməyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran və Vaşinqton hazırda mümkün anlaşma memorandumunun yekunlaşdırılması üzərində işləyirlər. Onun sözlərinə görə, son bir həftə ərzində tərəflərin mövqeləri bir-birinə yaxınlaşıb və danışıqlarda müəyyən irəliləyiş hiss olunur. Bəqai vurğulayıb ki, bəzi fikir ayrılıqları hələ də qalsa da, tərəflər çərçivə razılaşması üzərində işləməyə davam edir və yaxın günlər prosesin gələcək taleyi baxımından həlledici ola bilər.

ABŞ dövlət katibi Marko Rubio ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün bəzi müsbət siqnalların olduğunu bildirib. Pakistan rəsmilərinin Tehrana səfərinin prosesi irəli apara biləcəyi vurğulanıb. Rubio ABŞ Prezidentinin əsas məqsədinin yaxşı razılaşma əldə etmək olduğunu qeyd edib və əgər razılaşma alınmasa, alternativ variantların mövcud olduğunu əlavə edib. Dövlət katibi həddindən artıq optimist olmasa da, növbəti günlərdə baş verəcək prosesləri diqqətlə izləyəcəklərini söyləyib.