#Fələstin dövlətçiliyi

ABŞ-ın Prezidenti Donald Trampın Yaxın Şərqdə “İbrahim Razılaşmaları” çərçivəsini genişləndirmək təşəbbüsü ilə bağlı yeni qiymətləndirmələr səsləndirilib. Beynəlxalq Böhran Qrupunun analitiki Əli Vaez hesab edir ki, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Türkiyə və Pakistan kimi ölkələrin İsraillə normallaşma prosesinə cəlb olunması hazırkı geosiyasi şəraitdə real görünmür. Analitikə görə, bir çox regional dövlətlər üçün İsraillə münasibətlərin normallaşdırılması məsələsi İranla deyil, Fələstin dövlətçiliyi ilə bağlı perspektivlərdən asılıdır. O, həmçinin Trampın bu mövzunu gündəmdə saxlamasının əsasən ABŞ daxili siyasəti ilə əlaqəli olduğunu bildirib.

Fələstin Prezidenti Mahmud Abbas cümə axşamı Ramallahda keçirilən Fəth Hərəkatının VIII Konfransının açılışında bildirib ki, Fələstin dövlətçiliyi məsələsi həll olunduqdan sonra regiondakı digər problemlər də öz həllini tapacaq. Abbas, Fələstin siyasi qrupları arasında birliyin vacibliyini vurğulayaraq, Fələstin Azadlıq Təşkilatının (FAT) yeganə legitim nümayəndə olduğunu qeyd edib.