#Fars Xəbər Agentliyi

İran Prezidenti Məsud Pezeşkian ölkə rəhbərliyinin qərarlarının arxasında sona qədər dayanacaqlarını bildirib. O, müharibənin davam etdirilib-etdirilməməsi məsələsində hərbi rəhbərliyin vəziyyəti daha yaxşı qiymətləndirə biləcəyini deyib. Pezeşkian hərbi rəhbərliyin İranın imkanlarını və döyüş şəraitini yaxından bildiyini vurğulayıb. Prezidentin sözlərinə görə, yekun qərar ölkə rəhbərliyi tərəfindən qəbul ediləcək. O, hansı qərarın verilməsindən asılı olmayaraq, İran xalqının bu mövqeyi dəstəkləyəcəyini bildirib. Pezeşkian mübarizəni ölümə qədər davam etdirməyə hazır olduqlarını deyib. İran Prezidenti döyüşməkdən və mövqeyini qorumaqdan qorxmadığını vurğulayıb. O, mümkün sui-qəsd təhlükəsinin də onu mövqeyindən çəkindirməyəcəyini bildirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 20 gəminin keçidinin İran qüvvələrinin koordinasiyası ilə həyata keçirildiyini bildirib. Açıqlama boğazın idarə olunması ilə bağlı Tehran və Vaşinqton arasında davam edən müzakirələr fonunda verilib.

İranın yarı-rəsmi Fars Xəbər Agentliyi Donald Trampın İranla mümkün razılaşma barədə açıqlamalarını tənqid edərək bəzi məqamların reallığı əks etdirmədiyini bildirib. İran mənbələrinin iddiasına görə, zənginləşdirilmiş nüvə materiallarının məhv edilməsi və Hörmüz boğazının tam rüsumsuz açılması kimi məsələlər hazırkı layihə sənədində nəzərdə tutulmur. Eyni zamanda Tehran tərəfi Trampın açıqlamasında İran aktivlərinin dondurulmasının ləğvi və Livanda atəşkəs kimi bəzi mühüm məqamların qeyd edilmədiyini vurğulayıb. Bu açıqlamalar tərəflər arasında danışıqların hələ yekun mərhələyə çatmadığını göstərir.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində atılan diplomatik addımlar nəticəsiz qalıb. İranın yarı-rəsmi "Fars" xəbər agentliyi Tehran rəhbərliyinin ABŞ-dan gələn 48 saatlıq müvəqqəti atəşkəs təklifini rəsmən rədd etdiyini duyurub.