İkinci Dünya müharibəsinin ən dəhşətli səhifələrindən biri olan Tokio bombardmanı yüz minlərlə insanın taleyini dəyişdirən faciə kimi tarixə düşüb. 1945-ci il martın 10-da ABŞ tərəfindən Yaponiyanın paytaxtı Tokioya qarşı həyata keçirilən genişmiqyaslı hava hücumu müasir hərb tarixinin ən dağıdıcı bombardmanlarından biri hesab olunur. Rəsmi əməliyyat adı Operation Meetinghouse olan bu hücum zamanı yüzlərlə B-29 bombardmançı təyyarəsi şəhərə napalm və yandırıcı bombalar yağdırıb. Həmin gecə Tokio əsasən yaşayış məhəllələrinin sıx yerləşdiyi rayonlarda alov dənizinə çevrilib. Hücum gecə saatlarında başlayıb və şəhərin böyük hissəsi qısa müddətdə yanğın girdabına düşüb. Bombardmanın əsas məqsədi sənaye və hərbi istehsal şəbəkəsini zəiflətmək kimi təqdim olunsa da, hücumun ən ağır nəticələrini mülki əhali yaşayıb.