NATO, İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik raketlərin müttəfiq qüvvələr tərəfindən zərərsizləşdirilməsindən sonra rəsmi bəyanat yayaraq, Alyansın tam hazırlıq vəziyyətində olduğunu bildirib. Alyansın mənzil-qərargahından verilən yazılı açıqlamada vurğulanıb ki, NATO hər hansı bir istiqamətdən gələ biləcək hər növ təhdidə qarşı kollektiv müdafiəni təmin etməyə davam edir. Bəyanatda həmçinin ballistik raketdən müdafiə sistemlərinin inkişaf edən təhdidlərə uyğun olaraq daimi şəkildə təkmilləşdiriləcəyi diqqətə çatdırılıb.
#NATO-dan İranın hücumlarına sərt reaksiya
NATO-nun sözçüsü Allison Hart yazılı açıqlamasında bildirib ki, alyans Türkiyə də daxil olmaqla bütün müttəfiqlərin təhlükəsizliyinə sadiqdir.Onun sözlərinə görə, İranın regionda ayrı-seçkilik etmədən həyata keçirdiyi hücumların davam etməsi ciddi narahatlıq doğurur. Hart vurğulayıb ki, NATO-nun hava və raketdən müdafiə imkanları daxil olmaqla, deterrensiya və müdafiə mövqeyi güclü olaraq qalır.