#Əfqanıstan–Pakistan münasibətlərində yeni mərhələ

Pakistanın İnformasiya naziri Attaullah Tarar, ölkəsinin Heybər Paxtunxva və Bəlucistan bölgələrində Əfqanıstan Talibanı tərəfindən həyata keçirilən hücumlara cavab verildiyini açıqlayıb. Nazirin bildirdiyinə görə, son toqquşmalarda Əfqanıstan tərəfindən 67 nəfər həlak olub. Nazir Tararın sözlərinə görə, Taliban qüvvələri Şimali Bəlucistanın Killa Saifullah, Noşki və Çaman bölgələrində 16 fərqli nöqtəyə hücum təşkil edib. Pakistan ordusunun 25 nöqtədən açdığı cavab atəşi nəticəsində hücumlar dəf edilib, Talibanın 27 üzvü öldürülüb. Heybər Paxtunxva əyalətində baş verən digər 12 hücumda isə daha 40 əfqan döyüşçüsü zərərsizləşdirilib. Toqquşmalarda bir Pakistan əsgəri şəhid olub, 5-i isə yaralanıb.

Əfqanıstan hökuməti Pakistanla artan gərginlik fonunda münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini açıqlayıb. Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında çıxış edərək rəsmi Kabilin dialoqa açıq olduğunu bildirib. Onun sözlərinə görə, hökumət dəfələrlə problemin sülh yolu ilə həllini vurğulayıb və hazırda da münaqişənin danışıqlar vasitəsilə aradan qaldırılmasını istəyir.