#Sülh Körpüsü

Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub. Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb. Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb. Görüşdə ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb. Həmçinin iki ölkə arasında ticərət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib. H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqların ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir. Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi oluqca vacibdir. Qeyd edək ki, aprelin 10–dan 12-dək keçirilən dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunur. Görüş 12 aprelədək davam edəcək. "Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlı əlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya və demarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətinin bütün müvafiq prosedurlarından keçib.

Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə dəyirmi masa müzakirəsi keçirilir. Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa müzakirəsində iştirak etmək üçün Ermənistana gəlib.