Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb. Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektdən gələn tələbat, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib.