#ASELSAN EJDERHA elektromaqnit qarşı tədbir sistemi

ASELSAN 2026-cı ildə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olan Çelik Kubbe sisteminin gücləndirilməsi və yayılması, yeni investisiyaların işə salınması və ixracın artırılması kimi prioritetlərlə yeni rekordlara hazırlaşır. ASELSAN-ın Baş direktoru Ahmet Akyol şirkətin 2025-ci ildəki fəaliyyəti və bu ilki hədəfləri barədə mühüm açıqlamalar verib. Şirkətin 2025-ci ildə 50 illiyini hər sahədə rekordlarla qeyd etdiyini bildirən Akyol bütün səylərinin millətin varlığı, rifahı, dövlətin və ordunun gücünə güc qatmaq üçün olduğunu vurğulayıb.

ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, şirkətin 14 noyabr 1975-ci ildə Ankarada 4 nəfərlə başlayan fəaliyyəti bu gün, 50-ci ilində, 13 min nəfərlik böyük bir kollektivlə davam edir. Hazırda ASELSAN 25 ölkədə aktiv fəaliyyət göstərir və Anadolunun müxtəlif bölgələrində istehsal müəssisələrinə malikdir. Akyol qeyd edib ki, ASELSAN Borsa İstanbul-da bazar dəyəri 1 trilyon liraya çatan ilk Türkiyə şirkəti olub. Şirkət hazırda Türkiyənin ən dəyərli, Avropanın 8-ci, dünyanın isə 20-ci ən böyük müdafiə sənayesi şirkəti mövqeyindədir.

ASELSAN bu il çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ÇELİKKUBBE-nin tədarükünü intensiv şəkildə davam etdirəcək. Sistemin komponentlərindən biri olan EJDERHA Yüksək Güclü Elektromaqnit Qarşı Tədbir Sistemi də bu il istifadəyə veriləcək. ASELSAN-ın baş direktoru Ahmet Akyol SAHA İstanbul-un “SAHA Sohbet” proqramında çıxışı zamanı bildirib ki, ÇELİKKUBBE uzun illər ərzində formalaşmış radar, rabitə, naviqasiya, komanda-idarəetmə və elektron müharibə təcrübəsi üzərində qurulub. Sistemin əsasını ASELSAN tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı və hərbi 5G əsaslı şəbəkə təşkil edir.