#Qiymət artımı

İran Həmkarlar Palatasının rəhbəri Qasım Nüdeh Fərəhani ölkədə mal qıtlığının olmadığını bildirib. Onun sözlərinə görə, əsas problem məhsulların qiymətlərinin yüksəlməsidir. Qiymət artımının səbəblərindən biri daşınma istiqamətlərinin dəyişməsi və təchizat xərclərinin artmasıdır. Malların dəmir yolu və avtomobil yolları ilə daşınması əvvəlki istiqamətlərlə müqayisədə daha çox vaxt və vəsait tələb edir. Müharibə İran iqtisadiyyatına əlavə təzyiq göstərir. Ölkə iqtisadiyyatı uzun illər davam edən sanksiyalar səbəbindən daha əvvəl də ciddi çətinliklərlə üzləşmişdi. ABŞ-nin yeni sanksiyalarından sonra İran rialı dollar qarşısında tarixi minimuma enib. Milli pul vahidinin ucuzlaşması və daşınma xərclərinin artması ölkədə qiymətlərin daha da yüksəlməsi təhlükəsini artırır.

ABŞ-da istehlakçı inamı avqust ayında kəskin şəkildə zəifləyib. Miçiqan Universitetinin ilkin məlumatlarına əsasən, göstərici 51 bənd təşkil edib və iyul ayındakı 55,2 bənddən aşağı düşüb. İstehlakçı inamının təxminən 8 faiz azalması əvvəlki iki ayda müşahidə olunan yaxşılaşmanı dayandırıb. Geriləmənin əsas səbəbləri arasında uzun müddətdir davam edən inflyasiya və İrana qarşı müharibənin yaratdığı iqtisadi qeyri-müəyyənlik göstərilir. ABŞ-da inflyasiya müharibədən əvvəl də Federal Ehtiyat Sisteminin uzunmüddətli 2 faizlik hədəfindən yüksək idi. Yüksək qiymətlər illərdir ABŞ ailələrinin büdcəsinə ciddi təzyiq göstərir. İrana qarşı müharibənin enerji və digər qiymətlərə təsiri ilə bağlı narahatlıqlar istehlakçıların gələcəyə inamını daha da zəiflədib. Son göstəricilər ABŞ iqtisadiyyatında qiymət artımı ilə bağlı narahatlığın hələ də yüksək olduğunu göstərir.

İran İkinci Dünya Müharibəsindən sonra ən yüksək inflyasiyaya məruz qalıb. Tehranda yaşayan vətəndaşlar gündəlik ərzaq və ehtiyac məhsullarının qiymətində kəskin artımla üzləşirlər. Bastan bazarında bir kilo düyünün qiyməti bir il ərzində 1,8 milyondan 5 milyon rialadək qalxıb, yemək yağı isə 700,000 rildən 3 milyon riala çatıb. Təqaüdçülər və ailələr yaşayış xərclərini qarşılamaqda ciddi çətinlik çəkirlər. Bu vəziyyət ölkədə sosial rifahın azalmasına və gündəlik həyatın çətinləşməsinə gətirib çıxarır. Artan qiymətlər həm ərzaq, həm enerji, həm də gündəlik tələbat məhsullarına təsir edərək geniş əhali təbəqəsini narahat edir.

ABŞ-də istehlak inflyasiyası apreldə illik ifadədə 3,8 faizə yüksəlib. Rəsmi məlumatlara görə, enerji və yanacaq qiymətlərindəki artım, eləcə də İranla bağlı geosiyasi gərginlik inflyasiya təzyiqlərinin güclənməsinə təsir göstərib.

İranda artan inflyasiya və iqtisadi çətinliklərə etiraz olaraq keçirilən aksiyalar zamanı son bir həftədə azı 16 nəfər həlak olub, yüzlərlə insan saxlanılıb. Etirazlar ölkənin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalarla müşayiət olunur. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, etirazlar qərb vilayətləri ilə yanaşı paytaxt Tehran və cənub-şərqdə yerləşən Bəlucistan əyalətinə də yayılıb. Polis aksiyaların təşkilində rol oynadığı iddia edilən şəxslərin, xüsusilə sosial şəbəkələrdə fəal olanların saxlanıldığını açıqlayıb.