#KOB evləri

Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər. 2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin 327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə “Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.

Ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib. “Gəncə KOB evi”nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcəkdir.