#təbii qaz ixracı

İraq Elektrik Nazirliyi İranın İraqa ötürdüyü təbii qaz axınını tamamilə dayandırdığını açıqlayıb. İraqın rəsmi xəbər agentliyi INA-nın Elektrik Nazirliyinə istinadla yaydığı məlumata görə, İrandan gələn təbii qaz tədarükü tam kəsilib. Bu səbəbdən İraqın elektrik sistemində 4 min–4 min 500 meqavat həcmində itki yarandığı bildirilib. Açıqlamada qeyd olunub ki, Elektrik Nazirliyi Neft Nazirliyi ilə koordinasiya şəraitində yerli alternativ yanacaq mənbələrinə müraciət edərək elektrik stansiyalarının fəaliyyətinin davamlılığını təmin edir. Hazırda istehsalın nəzarət altında olduğu vurğulanıb.

İsrail və Misir arasında uzun müddətdir müzakirə olunan təbii qaz ixracı sazişi rəsmi şəkildə imzalanıb. İsrail Baş naziri Benyamin Netanyahu bu sazişi ölkə tarixindəki “ən böyük təbii qaz ixracı sazişi” adlandırıb. Sazişin ümumi dəyəri təxminən 112 milyard İsrail şekeli (təxminən 34–35 milyard ABŞ dolları) olaraq açıqlanıb və bu məbləğin təxminən yarısının birbaşa İsrail dövlət gəlirlərinə töhfə verməsi gözlənilir. Saziş çərçivəsində Leviathan dəniz qaz yatağından çıxarılan qazın 2040-cı ilə qədər Misirə tədarük olunması planlaşdırılır. Son illərdə Misirin təbii qaz istehsalı azalaraq ölkənin artan daxili tələbatını ödəmək üçün milyardlarla dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməsinə səbəb olmuşdu. İsraildən gələcək qazın Misirin daxili tələbatını dəstəkləyəcəyi və LNG ixrac imkanlarını artıracağı gözlənilir.