#Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bakıda Türkiyə Respublikasının Baş Konsulluğunun 1992-ci il yanvarın 14-də səfirlik statusuna yüksəldilməsi ilə başlayan diplomatik münasibətlər ötən 34 il ərzində “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdirilib.

Türkiyə Prezidentinin Müavini Cevdet Yılmaz, Bakı şəhərində keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) 12-ci dövr iclasında çıxış edərək, iki ölkə arasındakı strateji əməkdaşlıq və iqtisadi əlaqələr barədə danışıb. Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər “İki Dövlət, Bir Millət” prinsipi əsasında qurulub və bu status Şuşa Bəyannaməsi ilə təsdiqlənib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 8 milyard dollara çatdığını, qarşılıqlı yatırımların ümumi həcminin 40 milyard dollara yaxınlaşdığını vurğulayıb. Həmçinin türk podratçıların Azərbaycandakı layihələrinin həcminin 20 milyard dolları aştığını qeyd edib.