#Ramin Məmmədov çıxışı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək bildirib ki, ölkəmiz dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmətlə yanaşır və dövlət-din münasibətləri modeli beynəlxalq normalara uyğun şəkildə uğurla tətbiq edilir. Məmmədov çıxışında vurğulayıb ki, 2024-cü ildə təməli qoyulan bu forum ənənəsi dövlət-din münasibətlərinin sağlam və davamlı inkişafının göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciətdə əks olunan strateji hədəflər bu ilki tədbirin gündəliyini müəyyənləşdirib və fəaliyyətə istiqamət verib.

Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov ifratçılığın ənənəvi dini mühit üçün təhdid yaratdığını deyib. Qeyd edib ki, dini biliklərin təhrif edilməsi, sosial parçalanma, milli-mədəni irsə qarşı təbliğat və xüsusilə gənclərin radikallaşması bu təhdidlər arasında xüsusi yer tutur. Belə hallarla mübarizə yalnız hüquqi deyil, həm də sosial, mədəni, təhsil və psixoloji aspektlərdən yanaşma tələb edir.

Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans öz işinə başlayıb. Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfransın mövzusunun qlobal çağırışlar fonunda son dərəcə aktual olduğunu bildirib. O vurğulayıb ki, dinin siyasiləşdirilməsi və məzhəbçilik milli kimliyə, cəmiyyətin sabitliyinə yönəlmiş təhlükəli alətlərdir, bu meyillərə qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindəndir. İcra başçısı bildirib ki, Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır və dini dəyərlərin siyasi məqsədlərə alət edilməsi yolverilməzdir. Onun sözlərinə görə, bu prinsip cəmiyyətin sabitliyini və konfessiyalar arasında harmoniyanı təmin edən mühüm amildir.