Bəzi insanların cinlərlə görüşməsi və onlardan yardım alması İslam alimləri tərəfindən məlum olan bir həqiqətdir. Lakin bu münasibət nəfsin saflaşması ilə deyil, əksinə, insanın daxili aləminin korlanması, təbiətinin pozulması və bir növ şeytanlaşması nəticəsində baş verir. İnsan günah işləməyə meyil salıb ondan ləzzət almağa başladıqda, şeytanın yaxın dostuna çevrilir və şər işlərin aşiqi olur. Məşhur mütəfəkkir İbn Xaldun özünün "Müqəddimə" əsərində qeyd edir ki, sahirin (sehrbazın) cinlərlə ünsiyyəti ulduzlara və şeytana təvəccüh (yönəlmə) yolu ilə baş tutur. Bu yönəlmə ulduzlara və şeytana ibadət etmək, onlara təzim göstərmək və qarşılarında səcdə etmək kimi küfr əməlləri ilə özünü göstərir.
#Quranda cinlər
Cinin varlığı Qurani-Kərim və Sünnə ilə sabitdir. Quranda cinlərlə bağlı ayrıca bir surə nazil olmuşdur. Səhih hədislər və təvatür dərəcəsində möhkəm xəbərlər də cinlərin varlığını təsdiqləyir. Cinin varlığını inkar edən, məlum ayələri inkar etmiş sayılacağı üçün İslam ümmətindən çıxmış olar. Allah bizi belə aqibətdən qorusun.