#Əsrin Müqaviləsi

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Həmin dövrlərdə ölkə hərbi təcavüzə məruz qalmış, müxtəlif xarakterli risklərlə üzləşmişdi. Ölkənin inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı.

1994-cü ilin 20 sentyabrında Bakıda baş verən hadisə təkcə Azərbaycanın inkişaf trayektoriyasını deyil, bütövlükdə Avrasiyanın enerji xəritəsini dəyişdi. Dövlət Neft Şirkəti (SOCAR) ilə 11 beynəlxalq neft şirkətindən ibarət konsorsium arasında imzalanan "Əsrin müqaviləsi" ölkənin yeni tarixinin başlanğıcı oldu. Hələ müstəqilliyin bərpasından cəmi üç il sonra Azərbaycan enerji sektoru vasitəsilə dünya iqtisadiyyatına inteqrasiya yolunu seçdi. Bu seçim gələcək inkişaf üçün davamlı maliyyə və geosiyasi əsas yaratdı.