Pakistanla Əfqanıstan arasında sərhəddə baş verən silahlı toqquşmalar regionda sabitliyi təhlükə altına salıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, şənbə günü Pakistan təhlükəsizlik qüvvələrinə qarşı “Dürand xətti boyunca uğurlu hərbi əməliyyat” həyata keçirilib. Qurumun sözçüsü Ənəyətullah Xavarəzmi qeyd edib ki, əməliyyat “Pakistan ordusunun hava zərbələrinə cavab olaraq” keçirilib və gecəyarısı başa çatıb, lakin “əgər Əfqanıstan ərazisi yenidən pozularsa, silahlı qüvvələr qətiyyətlə cavab verəcək”.
#ABŞ-Taliban münasibətləri
ABŞ-ın hazırkı və sabiq rəsmiləri bildiriblər ki, prezident Donald Trampın Əfqanıstandakı Baqram hava bazasını yenidən nəzarətə götürmək istəyinə reallaşdırmaq üçün nəticədə ölkənin yenidən işğalı kimi genişmiqyaslı əməliyyat lazım ola bilər; bu, on minlərlə əsgərin göndərilməsini və qabaqcıl hava müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər.
“Taliban” hərəkatı bildirib ki, təşkilat şənbə günü ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə Əfqanıstan və Amerika arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib. Ağ Ev görüş barədə rəsmi açıqlama yaymayıb və şərh verməkdən imtina edib. Talibanın bəyanatına görə, xarici işlər naziri Əmir Xan Müttəqi Trampın xüsusi girov məsələləri üzrə elçisi Adam Böhler və ABŞ-ın digər nümayəndəsi Zalmay Xəlilzadla görüşüb. Görüşdən fotolar da yayımlanıb. Bəyanatda qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı, vətəndaşlarla bağlı məsələlər və Əfqanıstana investisiya imkanlarını müzakirə ediblər. ABŞ tərəfi həmçinin ötən ay ölkənin şərqini silkələyən zəlzələ qurbanları ilə bağlı başsağlığı verib.