Böyük Britaniyada İsraillə işləyən şirkətlərə qarşı aksiyaları ilə tanınan və iyul ayında qadağan edilən “Palestine Action” qrupuna dəstək məqsədilə Londonda keçirilən etirazlarda kütləvi həbslər baş verib. “Defend Our Juries” təşkilatının çağırışı ilə yüzlərlə insan paytaxtın Parlament Meydanında toplaşaraq yerli vaxtla saat 13:00-da etiraza başlayıb. Aksiya iştirakçıları “Soyqırıma yox, Palestine Action-a dəstək verirəm” şüarları yazılmış pankartlar qaldırıblar. Polisin müdaxiləsi ilə etiraz aksiyası gərginləşib. London Polisi açıqlama verərək saxlanmaların əksəriyyətinin qadağan edilmiş qrupa dəstək göstərilməsi səbəbilə həyata keçirildiyini bildirib.