Fransada dünən keçirilən Emmanuel Makron əleyhinə etiraz aksiyalarında 540 nəfər saxlanılıb. Bu həftə mərkəz sağçı Fransua Bayrunun hökumətinin süqutundan sonra Sebastyan Lekornu yeni baş nazir təyin edilib. Ölkə isə dünən Makronun siyasətlərinə qarşı kütləvi etirazlarla gündəmdə olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 müxtəlif nöqtədə keçirilən aksiyalara təxminən 200 min nəfər qatılıb.
#dəstək aksiyaları
Böyük Britaniyada İsraillə işləyən şirkətlərə qarşı aksiyaları ilə tanınan və iyul ayında qadağan edilən “Palestine Action” qrupuna dəstək məqsədilə Londonda keçirilən etirazlarda kütləvi həbslər baş verib. “Defend Our Juries” təşkilatının çağırışı ilə yüzlərlə insan paytaxtın Parlament Meydanında toplaşaraq yerli vaxtla saat 13:00-da etiraza başlayıb. Aksiya iştirakçıları “Soyqırıma yox, Palestine Action-a dəstək verirəm” şüarları yazılmış pankartlar qaldırıblar. Polisin müdaxiləsi ilə etiraz aksiyası gərginləşib. London Polisi açıqlama verərək saxlanmaların əksəriyyətinin qadağan edilmiş qrupa dəstək göstərilməsi səbəbilə həyata keçirildiyini bildirib.