#DOST Agentliyi

Azərbaycanın DOST modeli Moldovada pilot mərhələdə tətbiq ediləcək. Bu məqsədlə DOST Agentliyi ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd sosial xidmətlərin daha səmərəli təşkili, “bir pəncərə” prinsipi əsasında xidmətlərin göstərilməsi və müasir sosial təminat sistemlərinin inkişafını nəzərdə tutur. Tərəflər DOST modelinin Moldova sosial sisteminə uyğunlaşdırılması üzrə əməkdaşlıq edəcəklər. Memorandum çərçivəsində təcrübə mübadiləsi, texniki dəstək və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan sosial xidmət sahəsində əldə etdiyi təcrübəni beynəlxalq əməkdaşlıq vasitəsilə paylaşmağa davam edir.

DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzində bu gündən etibarən vətəndaşlara xidmət tam bərpa edilib. "Xatırladaq ki, bir neçə gün öncə mərkəzin inzibati binasında baş vermiş yanğın səbəbindən fəaliyyət müvəqqəti olaraq dayandırılmışdı. Hadisədən sonra aparılan zəruri təmir-bərpa işləri artıq başa çatdırılıb və mərkəz yenidən normal iş rejimində fəaliyyətini davam etdirir.