#Fələstinin Azərbaycan Respublikasındakı səfirliyi

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb. Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.