Neapolda keçirilən 75-ci Milli Liturgiya Həftəsinin açılışında çıxış edən Vatikan Dövlət katibi Kardinal Pietro Parolin, Qəzzada və Ukraynada davam edən münaqişələrin yaratdığı insan faciəsinə diqqət çəkib, “bütün ümidsizliyə rəğmən ümid etməyin vacibliyini” vurğulayıb. Kardinal Parolin Qəzzadakı vəziyyəti pisləyərək bildirib: “Qəzzada baş verənlərə görə dəhşətə gəlirik, hadisələri pisləməkdə yekdil fikir var.” O, xüsusilə Xan Yunisdəki Nasser Xəstəxanasına edilən İsrail hücumuna toxunub. Həmin hücum nəticəsində aralarında beş jurnalistin də olduğu 20 nəfərin həlak olduğunu xatırladan kardinal, bunun “heç bir məna daşımadığını” vurğulayıb. O əlavə edib ki, Qəzzada vəziyyət getdikcə daha da çətinləşir, humanitar baxımdan isə təhlükəli həddə çatır: “Həll üçün heç bir yol görünmür, nəticələrini isə hər gün görürük.”