Livan parlamenti cənub bölgəsində baş verən dağıntıların sənədləşdirilməsi üçün BMT qrupu yaradıldığını açıqlayıb. Qrup 2023-cü ildən bəri davam edən “sistemli dağıntıların” araşdırılması üçün fəaliyyət göstərəcək. Təşəbbüs üç deputatdan ibarət parlament komissiyası tərəfindən irəli sürülüb. Layihənin BMT İnsan Haqları üzrə Ali Komissarlığının müraciətindən sonra formalaşdığı bildirilir. MP Əşrəf Baydun qrupun təxminən dörd ay işləyəcəyini deyib. Araşdırmalar sahə səfərləri və rəsmi görüşləri əhatə edəcək.
#humanitar
BMT-nin Livan üzrə humanitar koordinatoru İmran Riza bildirib ki, atəşkəsə baxmayaraq İsrail hücumları nəticəsində Livanda mülki itkilər artır. Hava zərbələri və dağıntılar humanitar vəziyyəti ağırlaşdırır, ailələrin dağılması və insanların davamlı qorxu şəraitində yaşamasına səbəb olur.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UNOCHA) “2025 Qlobal Humanitar Hesabatı”na əsasən, bu il dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 2015-ci illə müqayisədə təxminən dörd dəfə artacaq. 2015-ci ildə isə 77,9 milyon insanın humanitar yardıma ehtiyacı olduğu qeyd edilib. Humanitar böhranın əsas səbəbləri arasında müharibələr, iqlim dəyişikliyi və təbii fəlakətlər – yanğın, daşqın, torpaq sürüşməsi və qasırğalar – yer alır. Hesabata görə, 305 milyon insandan 85 milyonu Cənubi və Şərqi Afrikada, 59 milyonu Yaxın Şərq və Şimali Afrikada, 57 milyonu Qərbi və Mərkəzi Afrikada, 55 milyonu Asiya-Sakit okean regionunda, 34 milyonu Latın Amerikası və Karib hövzəsində, 15 milyonu isə Avropada yaşayır.