#ABŞ Azərbaycan Ermənistan münasibətləri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu, eyni zamanda dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.

Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyinə sadiqdir. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Bakıda qəbul zamanı deyib. "Bu gün biz tarixi bir dövrün şahidi oluruq. Avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında baş tutan görüş münasibətlərdə yeni səhifə açdı", - müvəqqəti işlər vəkili deyib.

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib. Azərbaycan-ABŞ münasibətlərinin tarixi, bir sıra, o cümlədən təhlükəsizlik, enerji sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə, xüsusilə cari ilin avqust ayında baş tutan ali səviyyəli səfər və təmasların münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin səfəri sonrası jurnalistlərin suallarını cavablandırarkən, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verib. Ərdoğan, 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı atılan imzaların, Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirdiyini bildirib. O, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşlərdə hər iki liderin eyni mövqedə olduğunu gördüyünü söyləyib.

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etmək qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən bu qərar regionda sülhün bərqərar olunması baxımından mühüm addımdır. "Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnunluqla qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri nəticəsində mümkün olan bu tarixi qərar, iki ölkə arasında davam edən sülh prosesinin əhəmiyyətli mərhələlərindən birini təşkil edir."

Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.AzerVoice-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.

2025-ci il avqustun 8-i Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində dönüş nöqtəsi oldu. ABŞ paytaxtında keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı fonunda iki ölkənin xarici işlər nazirləri — Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli sülh sazişinin layihəsini parafladılar. Ən önəmlisi isə, onlar ATƏT-in fəaliyyət göstərən sədrinə müraciət imzalayaraq Minsk prosesinin dayandırılması və ATƏT-in Minsk qrupu (ATƏT MQ), Sədrin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HPLG) ləğvini rəsmiləşdirdilər.