#Azərbaycan Dövlət Neft Fondu

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb. “TAEF” və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib. Bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq maliyyə bazarında strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və investisiya portfelini şaxələndirmək istiqamətində görülən işlər çərçivəsində Səudiyyə Ərəbistanına işgüzar səfər edib.