Təlim alacaq suriyalı hərbçilər daha sonra TSK tərəfindən öz ölkələrində də hazırlığa cəlb olunacaqlar. Türkiyə, Somali və Liviyada həyata keçirilən modelə bənzər şəkildə Suriyada da hərbi məktəb və gizir məktəbi qurmağı planlaşdırır. Bu barədə “Yeni Şafak”a danışan mənbələr belə deyib: “Biz Türkiyə olaraq Suriya ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün təlim və məsləhətçilik edəcəyik. Təlimlərə başladıq, əsgərlərin hazırlığı artıq gedir”.
#İsrail-Türkiyə rəqabəti Suriyada
İsrail ordusunun istefada olan polkovniki Eran Lerman Türkiyə ilə mümkün qarşıdurma ssenarilərinə dair diqqətçəkən açıqlamalar verib. Lerman bildirib ki, İsrail ordusu NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ordusu ilə müharibəyə hazır deyil. “Biz belə böyük bir ordu ilə müharibəyə qətiyyən hazır deyilik. Ümid edirəm ki, heç vaxt bu həddə çatmarıq”-deyə o bildirib. Onun sözlərinə görə, İsrailin imkanları məhduddur, lakin ölkənin dəniz qüvvələri istedadlı və cəsurdur, havada isə üstünlüklərin mövcud olduğuna inanır. “Bütün bunlara baxmayaraq, Türkiyənin quru qoşunları çox böyükdür və biz onlarla birbaşa müharibəyə heç vaxt girməməliyik”- deyə o əlavə edib.
Türkiyə Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Nazirlik əlavə edib ki, “Türkiyə, Suriya xalqının haqlı gözləntilərinə uyğun olaraq, terrordan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyü qorunmuş bir Suriya vizyonunu dəstəkləməyə davam edəcək.”
İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb.