#Peyğəmbər və karantin

Yoluxucu xəstəliklər tibb tarixində hər zaman xüsusi maraq doğurmuşdur. Mikrob və miazma nəzəriyyələrinin inkişafı kimi əsas konsepsiyalar uzun illər ərzində geniş şəkildə öyrənilmiş, müxtəlif elmi məktəblər tərəfindən şərh edilmişdir. Bununla belə, yoluxucu xəstəliklərin anlaşılması və onlara qarşı mübarizədə müsəlman alimlərinin və İslam sivilizasiyasının tarixi töhfələri bu müzakirələrdə çox zaman yetərincə diqqətə alınmamışdır.

İslam dini təmizlik və gigiyenaya böyük önəm verir. Quranda və hədislərdə müsəlmanların natəmizlikdən uzaq durması, bədəni təmiz saxlaması, dəstəmaz və qüslə riayət etməsi xüsusi vurğulanır. Allah təalə çirkdən və nəcasətdən təmizlənənləri sevdiyini bildirir, Peyğəmbərimiz ﷺ isə xüsusilə cümə günü qüsl alınmasını tövsiyə etmişdir. Həmçinin misvakdan istifadə, qoltuqaltı və qasıq tüklərinin təmizlənməsi, gözəl qoxu istifadə etmək kimi əməllər də sünnə sayılır.