Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib. Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.
#Səudiyyə Ərəbistanı və Suriya yardımı
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman çərşənbə axşamı Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı aparıb. Liderlər ölkələri arasında ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər, təhlükəsizlik və sabitliyin təşviqi, eləcə də Suriyada iqtisadi bərpanın dəstəklənməsi istiqamətində göstərilən səylərə toxunublar.
Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.
Dəməşqin cavabı: əməkdaşlıq və ehtiyatlılıq.