#Azərbaycan

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazlara 5 dekabr 2025-ci il tarixində ticarətə icazə verilmiş, lakin emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ticarət həyata keçirilmədiyindən həmin icazənin qüvvədə olma müddəti başa çatmışdır.

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının assistenti və ATU Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri vəzifəsində çalışan Anar Namazov, bu şərəfli ada öz biliyi, zəhməti və yüksək peşəkarlığı sayəsində layiq görülüb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib. Görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində institutun “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Həmzə Həsənovun ailəsini ziyarət edib. Komitə sədri gənclərin sosial həyata fəal şəkildə cəlb edilməsi, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlam təhsil mühitinin yaradılması məqsədilə Aİİ-də müxtəlif maarifləndirici və sosial təşəbbüslərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, bu layihələr tələbələrin fərdi inkişafına mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə sağlam dini düşüncənin formalaşdırılması, tolerantlıq və multikultural dəyərlərin qorunmasına xidmət edir.

Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitab nəşr edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi olduğu kitabın müəllifi Ali Məclisin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevdir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görülüb. Biznes Mərkəzinin təşkil etdiyi "İlin qala gecəsi"ndə mükafat rəsmi şəkildə Vüqar Oruca təqdim olunub. Tədbirdə iqtisadiyyat, biznes və maliyyə sahəsində tanınmış nümayəndələr, ekspertlər və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, Vüqar Oruc uzun illərdir iqtisadiyyat və qiymətləndirmə sahəsində fəaliyyət göstərir. O, daşınmaz əmlakın qiymətləndirilməsi, investisiya mühiti, bazar təhlilləri və iqtisadi proseslərin şərhi üzrə ixtisaslaşmış mütəxəssisdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb. 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.