#Azərbaycan

Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri Tiina Nirki qəbul edib. Görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib. Tərəflər siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Estoniyanın Azərbaycanda səfirlik açması ikitərəfli münasibətlər üçün mühüm addım kimi qiymətləndirilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də diqqət mərkəzində olub. Görüşdə regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 1 avqust tarixinin seçilməsi də təsadüfi olmamışdır, beləki həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmışdır.

Azərbaycan Hava Yolları Türkiyənin Qars şəhərinə ilk reysini həyata keçirib. VOA xəbər verir ki, ilk uçuşun sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə təşkil olunacaq. Reyslər cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni istiqamət Azərbaycan ilə Türkiyə arasında hava əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bununla yanaşı, turizm, biznes və mədəni əlaqələrin inkişafına da əlavə töhfə verəcəyi gözlənilir. Hazırda Azərbaycan Hava Yolları Türkiyənin doqquz şəhərinə müntəzəm uçuşlar həyata keçirir.

Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilməyib. VOA xəbər verir ki, Akkreditasiya Şurası ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyasını "uyğun deyil" kimi qiymətləndirib. Qiymətləndirmə zamanı dövlət təhsil standartları və keyfiyyət təminatı tələbləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb. Bunun əsasında Elm və Təhsil Nazirliyi universitetin fəaliyyətinin dayandırılması ilə bağlı hüquqi prosedurlara başlayıb. İqtisadiyyat Nazirliyi isə universitetə verilmiş lisenziyanı ləğv edib. Nazirlik tələbələrin təhsilinin yarımçıq qalmayacağını və onların digər ali təhsil müəssisələrinə köçürüləcəyini açıqlayıb. Rəsmi qurum akkreditasiyanın əsas məqsədinin ali təhsildə keyfiyyətin təmin olunması və tələbələrin hüquqlarının qorunması olduğunu vurğulayıb.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabad şəhərinin hakimi Rahim Qandımov ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı və rəqəmsal şəhərsalma sahəsində birgə imkanlar müzakirə olunub. Tərəflər süni intellekt həllərinin şəhər idarəçiliyində tətbiqi barədə fikir mübadiləsi aparıblar. Rəqəmsal transformasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş səmimi atmosferdə keçib.