Rəsmi Xronika

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və "Gernika Qoqoratuz" Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.Bu barədə Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bildirib. "Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Hörmətli dostlar, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və "Gernika Qoqoratuz" Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm. Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm. Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır. 30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda Birgə Bəyannamə imzalanmışdır. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur. Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir. Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür. Hörmətli dostlar, "Sülh və Barışıq üçün Gernika mükafatı" yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir. Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkə hesabında Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: "Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı. Bu cür zorakılıq aktları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Donald Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olduqlarına şadam. Onlara gələcəkdə də təhlükəsizlik və rifah arzulayıram."

Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib. "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var", - deyə dövlətimizin başçısı vurğulayıb.

Bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib. Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: "Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var".

2023-cü ilin yanvarında Kiyevə səfərimi xatırlayıram. Sizinlə (Volodimir Zelenski – red.) apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. Bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək".

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib. Sərəncama əsasən, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

Sərəncama əsasən, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.