İran Hörmüzqan əyaləti üzərində ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. İran dövlət televiziyası aparatın İnqilab Keşikçiləri Korpusunun yeni qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyini bildirib. İran tərəfi sistemin ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında fəaliyyət göstərdiyini açıqlayıb. MQ-9 “Reaper” ABŞ ordusunun əsas kəşfiyyat, müşahidə və zərbə vasitələrindən biridir. İranın açıqlaması ABŞ-ın bu tip aparatlarının müharibədə artan itkiləri barədə məlumatların yayıldığı bir vaxta təsadüf edir. “Vaşinqton Post” ABŞ-ın müharibənin başlanmasından bəri azı 45 MQ-9 aparatı itirdiyini yazıb. Hadisənin Hörmüz boğazı ətrafında İran və ABŞ arasında artan hərbi gərginlik fonunda baş verdiyi bildirilir. ABŞ tərəfinin aparatın vurulması ilə bağlı təqdim olunan məlumatlarda rəsmi mövqeyi yer almayıb.