İranın Türkiyə ilə sərhədində yerləşən Razi gömrük məntəqəsindən ixrac ilin ilk dörd ayında təxminən 300 faiz artıb. Hesabat dövründə bu sərhəddən 217 milyon dollar dəyərində 440 min ton yük ixrac edilib. Razi sərhədi İranı Avropa ilə birləşdirən yeganə dəmir yolu sərhəd-keçid məntəqəsi hesab olunur. Dörd ay ərzində sərhəddən 8 975 yük vaqonu keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 205 faiz artım deməkdir. Sərhəd məntəqəsində gömrük gəlirləri də təxminən 800 faiz yüksəlib. Bu müddətdə 652 milyard rialdan çox gömrük gəliri toplanıb. Məlumatlar İran-Türkiyə arasında dəmir yolu ilə yükdaşımaların əhəmiyyətli dərəcədə artdığını göstərir.