#Sudan böhranı

Sudanın paytaxtı Xartumun Cənub Kəməri bölgəsində fəaliyyət göstərən bütün xeyriyyə mətbəxlərinin fəaliyyətini dayandırması on minlərlə ailə və köçkünü ağır ərzaq böhranı ilə üz-üzə qoyub. “Radio Dabənqa”nın məlumatına görə, bölgənin geri alınmasından sonra xarici maliyyələşmənin və yardım təşkilatlarına ayrılan vəsaitlərin kəsilməsi nəticəsində mətbəxlər fəaliyyətini dayandırıb. “Sədəqat”, “Hazirin” və “Nida” təşkilatları əvvəllər təxminən 50 min ailəyə yemək təmin edirdi.

Sudan Suveren Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan ölkədə milli dialoq prosesinə qatılan şəxslərə müvəqqəti hüquqi, siyasi və təhlükəsizlik təminatlarının veriləcəyini açıqlayıb. Burhan bildirib ki, müstəqil milli mexanizm tərəfindən idarə olunacaq dialoqda iştirak edən şəxslər barəsində mövcud cinayət təqibləri müvəqqəti dayandırılacaq. O, bu tədbirin amnistiya olmadığını və şikayətçilərin hüquqlarının qüvvədə qalacağını vurğulayıb.

Sudanın qərbində yerləşən Darfur bölgəsinin mümkün şəkildə ölkədən ayrılması təkcə Sudanın daxili siyasi böhranını deyil, həm də Afrika və ərəb dünyasının təhlükəsizlik balansını dəyişə biləcək amil kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, belə bir ssenari yeni humanitar böhranlara, sərhəd mübahisələrinə və separatçı meyllərin güclənməsinə səbəb ola bilər.