Azərbaycan Hava Yolları bəzi Bakı–Naxçıvan reyslərinin əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını açıqlayıb. Şirkətin məlumatına görə, uçuşlar hava şəraiti normallaşdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq. Sərnişinlər bütün dəyişikliklər barədə əvvəlcədən məlumatlandırılacaqlar. Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi bölgədə yaranan meteoroloji şəraitin uçuşlara təsirini artırır. Güclü külək, ildırım aktivliyi və digər təhlükəli hava hadisələri təyyarələrin eniş və qalxma mərhələlərində əlavə risk yaradır. Aviasiyada qərarlar yalnız hava limanındakı hava şəraitinə əsasən qəbul edilmir. Marşrut boyunca və təyinat məntəqəsində gözlənilən meteoroloji vəziyyət də nəzərə alınır. Buna görə də uçuş təhlükəsizliyi ilə bağlı bütün qərarlar beynəlxalq standartlara uyğun şəkildə verilir.