#içməli su

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərinə yeni zərbələr endirdiyi bildirilir. Hücumlar Şeyx Rıdvan bölgəsində həyata keçirilib. Zərbələrdən biri məscidi hədəfə alıb. Dəniz suyunun şirinləşdirilməsi qurğusunun da vurulduğu bildirilir. Hadisə yerindən yayılan görüntülərdə ərazidən tüstünün yüksəldiyi görünür. Obyektlərə dəyən ziyanın miqyası hələlik açıqlanmayıb. Ölən və yaralananlar barədə də məlumat yoxdur. Su qurğusunun vurulması Qəzzada içməli su təminatı ilə bağlı mövcud çətinlikləri daha da ağırlaşdıra bilər.

Qəzzada humanitar vəziyyət getdikcə pisləşir. BMT-nin hesabatına görə, atəşkəsdən sonra 1005 nəfər həyatını itirib, 3157 nəfər yaralanıb. İsrail qüvvələrinin irəliləməsi onlarla ailənin köçməsinə səbəb olub. Yanacaq çatışmazlığı yardım əməliyyatlarını ciddi şəkildə məhdudlaşdırır. Sığınacaqlarda sıxlıq və su qıtlığı xəstəliklərin yayılmasına şərait yaradır. Həşərat və siçovulların artması əlavə risklər yaradır. Humanitar təşkilatlar vəziyyətin kritik olduğunu bildirir. Bölgədə böhran dərinləşir.