Azərbaycan Xarici İşlər Nazirliyi Ümumdünya Qaçqınlar Günü münasibətilə bəyanat yayıb. Sənəddə dünyanın müxtəlif bölgələrində yaşayan qaçqın və məcburi köçkünlərlə həmrəylik ifadə olunub. XİN məcburi köçkünlük probleminin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb. Nazirlik işğaldan azad edilmiş ərazilərdə geniş bərpa işlərinin aparıldığını qeyd edib. "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin geri dönüşü davam edir. Azərbaycan qaçqınlarla bağlı beynəlxalq təşəbbüsləri dəstəklədiyini bəyan edib. Bəyanatda bütün məcburi köçkünlərin evlərinə qayıtmaq hüququna dəstək ifadə olunub.