İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak ediblər. Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov: “Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) və Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün əhəmiyyətli perspektivlər mövcuddur.