#Ağ Ev: İrana qarşı quru əməliyyatı planlaşdırılmır

Onilliklər ərzində ABŞ-ın İrana quru hücumu ehtimalı, idarəolunmaz fəsadları və hədsiz yüksək xərcləri səbəbindən "qırmızı xətt" hesab olunurdu. Lakin bu gün ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin şiddətlənməsi ilə dünən qeyri-mümkün görünənlər bu gün real ehtimala çevrilir. Artıq müzakirələr hücumun olub-olmayacağı deyil, onun haradan başlayacağı və strateji qazanc gətirib-gətirməyəcəyi ətrafında gedir.

Ağ Ev İran ərazisində quru qoşunlarının istifadəsinin hazırkı əməliyyat planına daxil edilmədiyini bildirib. Ağ Evin sözçüsü Karolin Livitt ABŞ və müttəfiqlərinin həyata keçirdiyi əməliyyatların gedişi ilə bağlı açıqlama verərək bildirib ki, İran üzərində hava üstünlüyü əldə olunması istiqamətində əməliyyatlar davam edir. Onun sözlərinə görə, “Epik Qəzəb əməliyyatı” adlandırılan hərbi kampaniya indiyədək ciddi nəticələr verib və yaxın saatlarda İran hava məkanında tam nəzarətin əldə olunacağı gözlənilir.