#UEFA Çempionlar Liqası 2025/26

Avropanın klublar səviyyəsində bir nömrəli turniri olan UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nion şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib. Tanınmış sabiq xorvat futbolçu İvan Rakitiçin iştirakı ilə reallaşan püşkatma nəticəsində "Qalatasaray"ın bu mərhələdəki rəqibi İngiltərə təmsilçisi "Liverpul" olub. Püşkə əsasən, "sarı-qırmızılılar" ilk oyunu öz meydanında — "Rams Park"da keçirəcək, cavab matçı isə səfərdə oynanılacaq. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları 10-11 mart, cavab qarşılaşmaları isə 17-18 mart tarixlərində baş tutacaq. Cari mövsümün final matçı isə 30 may 2026-cı ildə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Qarabağ futbol klubu son illərdə təkcə Azərbaycanın deyil, bütövlükdə region futbolunun ən stabil və uğurlu klublarından biridir. Lakin 2025/26 mövsümü Ağdam təmsilçisi üçün sadəcə növbəti uğur deyil, Azərbaycan futbol tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Qarabağın Avropa arenasındakı yüksəlişi təsadüfi deyil. Klub uzun illərdir eyni oyun fəlsəfəsinə, eyni idarəetmə modelinə və ən əsası Qurban Qurbanov faktoruna söykənir. Baş məşqçinin rəhbərliyi altında Qarabağ əvvəlcə Avropa Liqasında, daha sonra Konfrans Liqasında qazandığı təcrübəni bu mövsüm Çempionlar Liqası səviyyəsinə daşıya bildi.