Xristian bir əsgərin ayağı yaralanmış və müsəlman həkim onu müalicə etdikdən sonra ayağını sarıyıb ordugahına geri göndərmişdir. Orada xristian bir həkim xəstəni müayinə etmiş, ayağını kəsmiş və nəticədə əsgər ölmüşdür. Başqa bir hadisədə qarnı ağrıyan xristian bir kralı müsəlman həkim müayinə edir və ona gecə dincəlməsini tövsiyə edir. Xristian olan başqa bir həkim isə krala dərman müalicəsi tətbiq edərək, vəziyyətinin ağırlaşmasına və gecədən sağ çıxmamasına nail olmuşdur. 1095-ci ildə Səlib yürüşləri başladığı zaman anadan olan Üsamə ibn Münqiz o dövrə aid başqa iki hadisəni də nəql edir. “Kitabül-İtibar” (İbrətlər kitabı) adlı əsərində yuxarıda nəql olunanlarla oxşar olan iki hadisə təsvir etmişdir. Lakin bu əhvalatda ayağı yaralı şəxs əsgər deyil, sıravi “bir insan” və mədə xəstəliyindən şikayətçi olan isə bir qadındır. İkisini də müalicə edən ərəb həkim Üsamənin əmisi Sabit idi. Digər təfsilatlar isə eynidir. İki xəstə də müalicə nəticəsində ölmüşdür.