Bəzi insanların cinlərlə görüşməsi və onlardan yardım alması İslam alimləri tərəfindən məlum olan bir həqiqətdir. Lakin bu münasibət nəfsin saflaşması ilə deyil, əksinə, insanın daxili aləminin korlanması, təbiətinin pozulması və bir növ şeytanlaşması nəticəsində baş verir. İnsan günah işləməyə meyil salıb ondan ləzzət almağa başladıqda, şeytanın yaxın dostuna çevrilir və şər işlərin aşiqi olur. Məşhur mütəfəkkir İbn Xaldun özünün "Müqəddimə" əsərində qeyd edir ki, sahirin (sehrbazın) cinlərlə ünsiyyəti ulduzlara və şeytana təvəccüh (yönəlmə) yolu ilə baş tutur. Bu yönəlmə ulduzlara və şeytana ibadət etmək, onlara təzim göstərmək və qarşılarında səcdə etmək kimi küfr əməlləri ilə özünü göstərir.
#İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?
İslam mənbələrində cinlərin yaşadıqları məkanlarla bağlı müxtəlif rəvayətlər mövcuddur. Bildirilir ki, bəzi cinlər insanlarla birlikdə evlərdə yaşayır və onlara “Ammar” deyilir. Digər qisim cinlərin isə hamamlarda, qəbiristanlıqlarda, çirkli məkanlarda və dəvə tövlələrində məskunlaşdığı qeyd olunur. Rəvayətlərə əsasən, İslam peyğəmbəri Məhəmməd (s.ə.s.) bu kimi yerlərdə namaz qılmağı qadağan etmişdir.