Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır. Rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.
#Qrenlandiyanın nadir metallar ehtiyatları və Arktika marşrutları: qlobal maraqlar toqquşması
Qrenlandiyanın Şimal qütb dairəsi üzərində yerləşməsi onu dünyanın ən böyük adası kimi təhlükəsizlik strategiyalarının əsas elementinə çevirir.Artan beynəlxalq gərginlik, iqlim dəyişikliyi və qlobal iqtisadiyyatda baş verən transformasiyalar Qrenlandiyanı dünya ticarəti və təhlükəsizliyi ilə bağlı müzakirələrin mərkəzinə gətirib. ABŞ prezidenti Donald Tramp mineral ehtiyatlarla zəngin olan və Arktika ilə Şimali Atlantik üzərindən Şimali Amerikaya aparan marşrutların qorunmasında mühüm rol oynayan bu adaya ölkəsinin nəzarətini təmin etməyə çalışır.