#Türkiyə İsrailin Somalilandı tanımasını beynəlxalq hüquqa zidd adlandırdı

İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub. Qərar bölgədə siyasi və diplomatik müzakirələrə səbəb olub, Türkiyə tərəfindən isə bu addıma etiraz ifadə edilib. İsrail Baş nazirinin Mətbuat Ofisinin yaydığı yazılı açıqlamada bildirilir ki, tanıma qərarı İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın rəhbəri Məhəmməd Abdullahi arasında imzalanan sənəd əsasında rəsmiləşdirilib. Açıqlamada tərəflərin tanıma sənədini imzaladıqları videobağlantıya dair görüntülərin də paylaşıldığı qeyd olunub.