İsrail ordusu Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının dənizlə bağlı gizli fəaliyyətlərinə dair yeni iddialar səsləndirib. İsrail tərəfinin açıqlamasına görə, təxminən bir il əvvəl saxlanılaraq İsrailə aparılan İmad Əmhez istintaq zamanı təşkilatın dəniz layihəsi ilə bağlı mühüm məlumatlar verib. İsrail ordusunun ərəbcə rəsmi nümayəndəsi Aviçay Adraei sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, əməliyyat İsrail Hərbi-Dəniz Qüvvələrinin xüsusi bölməsi tərəfindən, hərbi kəşfiyyatın dəniz bölməsinin yönləndirməsi ilə Livanın şimalındakı Bətrun şəhərində həyata keçirilib. Onun sözlərinə görə, saxlanılma Livan–İsrail sərhədindən təxminən 140 kilometr aralıda baş verib.