#Xocalı faciəsi

Xocalı soyqırımı bəşər tarixinin insanlıq əleyhinə törədilmiş ən ağır və qəddar cinayətlərindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu kütləvi qırğın dinc əhalinin ağır itkiləri ilə nəticələnmişdir. Lakin xalqımızın iradəsi, milli birliyi və azadlıq əzmi heç vaxt sarsılmadı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalıda ədalət bərqərar oldu” adlı anım tədbiri keçirilib. Açılış nitqi ilə çıxış edən Komitə sədrinin müavini Dövlətxan Dövlətxanov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən Xocalı soyqırımının beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan ağır cinayət kimi tarixə düşməsini vurğulayıb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Xocalıda müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunduğunu qeyd edib.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi 26 fevral Xocalı Soyqırımının ildönümü ilə əlaqəli paylaşım edib. Bu barədə Türkiyə XİN rəsmi "Facebook" səhifəsində anım mesajı yayımlayıb. Nazirliyin paylaşımında 1992-ci ilin fevralın 26-da Xocalıda qətlə yetirilən soydaşlarımızın xatirəsi ehtiramla yad edilib. Paylaşımda qeyd olunub: "26 fevral 1992-ci ildə Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın əziz xatirəsini hörmət və rəhmətlə anır, Can Azərbaycanın acısını daima qəlbimizdə hiss edirik."

ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue Conference: Historical Memory as a Foundation of Peace) adlı beynəlxalq konfrans keçirilib.