#Putin moskvaya dəvət

Kreml sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Prezidenti Donald Trampla paytaxt Moskvada görüşməyə hazır olduğunu açıqlayıb. Peskov, bu təklifin qüvvədə olduğunu bildirib. Rusiyanın, İngiltərə və Fransanın nüvə arsenalının da nəzərə alınması ilə bağlı tələbinin hələ də qüvvədə olub-olmadığına dair sualı cavablandıran Peskov, bu mövzunun aktual olduğunu bildirib. Peskov, əvvəlcə Rusiya və ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (New START) ilə bağlı danışıqların başlanmasının vacibliyini vurğulayaraq, “Ancaq gələcəkdə nüvə arsenalı məsələsi də müzakirəyə çıxarılmalıdır. Bu arsenal Avropanın təhlükəsizliyi və strateji sabitliyi ilə bağlı məsələnin tərkib hissəsidir,” deyib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.